- 182
Galaxy Unpacked tədbirinin tarixi rəsmiləşdi
Galaxy Unpacked tədbirinin tarixi rəsmiləşdi – Samsung yeni qatlanan modellərini təqdim etməyə hazırlaşır
Keçən həftə məşhur insayder Evan Blass, Samsung-un yeni qatlanan cihazlarını təqdim edəcəyi Galaxy Unpacked tədbirinin 9 iyul tarixində keçiriləcəyini açıqlamışdı. Artıq bu məlumat təsdiqlənib – Samsung rəsmi şəkildə Unpacked tədbirinin 9 iyulda baş tutacağını elan edib.
Tədbir ABŞ-ın Bruklin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Həmçinin, tədbir Samsung-un rəsmi veb-saytı və YouTube kanalı üzərindən canlı yayımlanacaq.
Samsung hələlik tədbirdə neçə cihaz təqdim edəcəyini açıqlamayıb. Şirkət sadəcə olaraq bildirib ki, "növbəti nəsil Galaxy cihazları süni intellekt dəstəyi ilə yenidən formalaşdırılır" və bu cihazlar yeni AI interfeysi və güclü texniki göstəricilərlə daha çox imkanlar vəd edir.
Təqdimat üçün paylaşılan video-teaserin sonunda "Ultra Unfolds" ifadəsi yer alır. Bu, bəzilərinə qatlanan Galaxy Ultra modelinin gələcəyini düşündürsə də, məlumatlar göstərir ki, bu ehtimal hələ ki reallığa yaxın deyil.
Samsung konkret olaraq təqdim ediləcək modellərin adlarını çəkməsə də, Galaxy Z Fold7, Galaxy Z Flip7, Galaxy Z Flip7 FE və Galaxy Watch8 seriyasının təqdim ediləcəyi gözlənilir.